"Formula-1" bolidləri Bakıdadır FOTOREPORTAJ

Formula-1” yarışlarında istifadə olunacaq avtomobillər (bolidlər) artıq Bakıya gətirilib. Paytaxtın yarış keçirilən küçələri bağlanıb və yaxın yollarda da yarışa hazırlıqlar gedir.

Virtualaz.org xəbər verir ki, “Formula-1” yarışlarına hazırlaşan Bakı küçələri, demək olar ki, tamamilə boşaldılıb və təhlükəsizliyin təmin olunması məqsədilə ərazdə polis nəzarəti gücləndirilib. Yol kənarındakı işlərin tamamlanması məqsədilə bu gecədən Bakı Şəhər Halqasının əhatə etdiyi bütün yollar bağlanacaq. Artıq yarışı izləmək üçün gələn qonaqlar da Bakıdadır. Yarışı izləmək istəyən tamaşaçılar üçün ayrılan sektorlar da hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, trass boyu 9 əsas müvəqqəti tribuna tamaşaçıların ixtiyarına veriləcək. Pit-stopun qarşısında yerləşən 5 mərtəbəli tribuna əsas tribuna hesab olunur. Burada tamaşaçılar üçün 5000 oturacaq nəzərdə tutulub. Üstəlik, yarışı izləmək istəyən əlil tamaşaçılara 24 yer ayrılıb.

Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb. Bundan əlavə, şəhərin mərkəzində təcili yardım avtomillərinə də rast gəlinir.

"Formula-1" Şəhərciyinin olduğu Bulvar ərazisinə giriş də iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlanıb. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-da günorta saat 12:00-da aradan qaldırılacaq. "Formula-1" yarışına bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-sı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.

İyunun 16-da, günorta saat 12:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

Xatırladaq ki, Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.

Gülnar

Ülviyyə

Foto Samirə Həsənovanındır

Virtualaz.org


Загрузка...


Oxunub: 4210 dəfə