“Baku Bus” niyə milyonlarla ziyan edib? – Səriştəsizlik...

Baku Bus MMC-nin açıqladığı hesabatda zərərlə işlədiyi üzə çıxıb. Belə ki, qurum bu il 54,638 milyon zərər edib. Qurumun yığılmış zərəri 151,57 mln. manata çatıb. 2016-cı ildə şirkət sərnişindaşımadan 12,629 mln qazanıb, sərnişindaşıma xərci isə 28,39 mln olub. Zərərin qarşılanması üçün ötən il dövlətin şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Statistika, xüsusilə şirkətin 12,6 milyon qazanc müqabilində 28,4 milyon xərci müzakirələrə səbəb olub. Bəziləri bunu şirkətin gedişhaqlarının qaldırılması “arzusu” kimi də qiymətləndirib, mütəxəsislər isə mahiyyətin detallı izahı verilmədiyi üçün bu yanaşmanı bölüşməyiblər.

Mövzu ilə bağlı Axar.az-ın sorğusunu Bakı Bus MMC mətbuat xidməti yalnız bir gün sonra “cavablandırıb”. MMC-dən bildirilib ki, sorğunun cavabı “digər media orqanlarına göndərilib”. Maraqlıdır, tenderlərdə iştirak edib marşrut xətti alan, vergilərlə bərabər, görünən və görünməyən çoxsaylı xərclər altında işləyən, avtobuslarının hamısı kreditdə olan sahibkarlar sadəcə bir marşrut xəttindən külli miqdarda vəsait əldə etdikləri halda, dövlətin himayəsi və investisiyası ilə fəaliyyət göstərən, vergi güzəştləri altında xüsusi imtiyazla çalışan və marşrut xətləri ərməğan edilən Bakı Bus MMC niyə ziyan etməlidir?

İqtisadçı ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında bildirib ki, Baku Bus MMC ilə bağlı sözügedən problem idarəetmədən qaynaqlanır: “Bu MMC dövlət tərəfindən ciddi dəstək görən şirkətlərdən biridir. Avtobusların alınmasına belə dövlətdən pul ayrılır. Hətta çox zaman bu şirkətin müxtəlik kommunal borclarından tutumuş vergi borclarına qədər - hamısında güzəştlər olunur. Buna baxmayaraq, şirkət hələ də ziyanla işləyir. Demək ki, idarəetmədə - ştatların və ümumilikdə prosesin idarə olunmasında problemlər var. İdarəetmədə yaranan problemlərin izafi xərclərə səbəb olması şirkətin ziyanla işləməsinə gətirib çıxarır.

Burada ziyanın haradan qaynaqlandığı da maraqlıdır. Rəsmi açıqlamaya görə, şirkət avro və ya dollarla götürdüyü kreditlərin manat ekvavalentində bahalaşdığını zərər səbəblərindən ən böyüyü kimi göstərir. Ancaq bu, müştərinin, vətəndaşın, sərnişinin problemi deyil. Şirkət öz kredit müqavilələrini elə şərtlərlə bağlaya bilərdi ki, ziyana düşməsin. Göründüyü kimi, növbəti dəfə idarəetmə səriştəsizliyi gündəmə gəlir”.

İqtisadçının fikrincə, səriştəsizliyə əlavə ştat da daxil olmaqla, strukturun özünün düzgün müəyyən edilməməsi aiddir. İqtisadçı alim Vüqar Bayramovun fikrincə isə dövlət tərəfindən maliyyələşən şirkət əslində ili zərərlə başa vurmalı deyildi:

“Şirkət əksinə, xeyirlə işləməli idi. Üstəlik, nəzərə almaq lazımdır ki, vətəndaşlar bu avtobuslara daha çox üstünlük verir. Belə olduğu halda şirkətin iki il ardıcıl zərərlə işləməsi təəccüb doğurur. Şirkət rəhbəri bunun səbəbini açıqlamalı və məsələyə aydınlıq gətirməlidir. Həmçinin şirkətin zərərlə işləməsinin səbəbləri araşdırılmalı və indiyə qədər çıxış yolları tapılmalıydı. Əgər zərər varsa, deməli, şirkətin gəlir əldə etməkdə problemləri var. Struktur dəyişikliyi, çevik yanaşma ilə bu problemləri həll etmək lazım idi”.

Zəruri olaraq xatırladaq ki, Bakı Bus MMC-nin və BNA-nın ayrı-ayrı mətbuat xidmətləri fəaliyyət göstərir və bu fakt problemi ilə deyil, yalnız sosial şəbəkələrdə ucuz piarı ilə məşğul olan qurumun ştat bölgüsündə real iqtisadi imkanlarını qiymətləndirməməsinin mediaya bəlli nümunələrindən biri kimi göstərilə bilər.

Qeyd edək ki, son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq 18,049 mln. manata düşüb.

2016-cı ildə “Baku Bus”un əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Son nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.

“Baku Bus”ın yığılmış zərəri 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlətin şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Bizimesr.az 


Загрузка...


Oxunub: 23900 dəfə