Avstriyada ildə yarım milyon ton ərzaq zibilə atılır

Hər il Avstriyada 577 min ton istifadəyə yararlı ərzaq israf edilərək tullantıya atılır. Bu barədə məlumat yayan Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Avstriya nümayəndəliyi hökuməti ərzaq israfçılığına qarşı fəaliyyət planı hazırlamağa çağırıb. Nümayəndəliyin sifarişi əsasında Avstriya Ekologiya İnstitutu tərəfindən hazırlanmış araşdırma ilk dəfə şəxsi mənzillər, qastronomiya və ərzaq ticarəti obyektləri ilə yanaşı, ərzaq məhsullarının istehsalı müəssisələrini də əhatə edib.

Nümayəndəlikdən, həmçinin bildirilib ki, kənd təsərrüfatı və topdansatış müəssisələrinin cəlb olunmadığı araşdırma vəziyyətin onsuz da acınacaqlı olduğundan xəbər verir. WWF Avstriyanın təmsilçisi Hanna Simonsa görə, topdansatış müəssisələri və bazarlarında zay məhsul adı ilə daha çox ərzaq atılır: “İstifadəyə yararlı ərzaq məhsullarının atılması resurslarla israfçı rəftardır və ətraf mühitimizə ciddi zərbə vurur. Ona görə də yeni hökumət 2030-cu ilədək yararlı ərzaq məhsullarının tullantıya çevrilməsinin yarıbayarı azaldılmasını hədəf kimi qəbul etməlidir”.

Bu məqsədlə nümayəndəlik ərzağın irihəcmli qutularda qablaşdırılmasından imtina olunmasını, ticari növlər və normalarla bağlı qanunvericilikdə dəyişiklik aparılmasını, istehlakçıların ərzaq məhsullarının dəyərini anlaması üçün müvafiq sosial-tərbiyəvi reklamların mətbuatda yayılmasını, ərzaq məhsullarının son istifadə müddəti və saxlanma şəraiti ilə bağlı ictimaiyyətə aydınlaşdırıcı məlumat verilməsi və həmçinin istifadə müddəti sona yaxınlaşan ərzaq məhsullarının zibil qutularına deyil, xeyriyyə təşkilatlarına təqdim edilməsini təklif edib./Azertac/

Bizimesr.az

Загрузка...


Oxunub: 4830 dəfə