Prokurorların səlahiyyəti artırılır

  • Bölmə: Siyasət  
  • Tarix: 1 iyn 2020 [15:47]

Azərbaycanda məhkəmələrin səlahiyyəti, prokurorların hüquqları artırılır.


Bizimesr.az xəbər verir ki, bu dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət - Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.


Qüvvədə olan qanuna əsasən, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Dəyişikliyə əsasən, bu sıraya cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal da daxil edilir. Başqa sözlə, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə biləcək.


Hazırda məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır.
Təklifə əsasən, məhkəmə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda da bəraət hökmü çıxaracaq. Başqa sözlə, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdıracaq və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxaracaq.


Layihə prokurorların səlahiyyətini artırılmasını da nəzərdə tutur. Təklif xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokurorun hüquqları ilə bağlıdır. Dəyişiklik prokurorun hüquqları sırasına şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsi və ya şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etməyin daxil edilməsini nəzərdə tutur.
Digər təklifə əsasən, dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin  razılığı ilə də imtina edə biləcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Загрузка...


Oxunub: 16560 dəfə