Sabit Orucov küçəsi niyə daraldılır? - FOTOLAR

  • Bölmə: Reportaj  
  • Tarix: 11 iyn 2020 [10:52]

Azərbaycan Avtomobil Yolları Dövlət Agenliyinin məlumatına görə, 2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km kilometr olan şəhər yolları yenidən qurulub  və təmir olunub. 2020-ci ildə isə Bakı şəhərinin 12 rayonunda  ümumi uzunluğu 171,6 km avtomobil yollarının təmiri və tikintisi həyata keçiriləcək. 2007-ci ildən başlayaraq, Bakı şəhərində 30-a yaxın yol qovşağı inşa edilib. Buna baxmayaraq, paytaxtın küçələrində tıxac problemi həll olunmamış  qalır. Son günlər Xətai rayonu Sabit Orucov küçəsində yaranmış vəziyyət qeyd edilənləri bir daha təsdiq edir. 


Bizimxeber.az bildirir ki, hazırda  Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə yenidənqurma işləri aparılır. Rəsmi məlumata görə, yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsü sökülüb.


Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb. Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində yeni qovşağın yaradılması nəzərdə tutulur. 


Hər bir yolun hərəkət zolağının genişləndirilməsi və yol qovşağının tikilməsi bir qayda olaraq, ilk növbədə tıxac problemini aradan qaldırmağa xidmət edir. Lakin  fotoşəkillərdən də göründüyü kimi,  Sabit Orucov küçəsində bunun tam əksi müşahidə olunur.  Avtomobillərin yaratdığı uzun növbələr bu yolun təmir və yenidənqurma prosesi başa çatdıqdan sonra küçədə sərbəst  hərəkətin olacağına şübhə yaradır.  Çünki üçüncü və dördüncü zolaqların inşası Sabit Orucov küçəsinin genişlənmək əvəzinə daralmasına səbəb olub. Ona görə də sürücülər bu yolda çox çətinliklə hərəkət edir.  Yolun dörd zolaqlı olması yaxşı haldır. Ancaq  piyadaların hərəkəti üçün səkilərə də layihədə yer ayrılarsa. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə belə görünür ki, səkilərin vacibliyini yaddan çıxarıb. Piyadaların hərəkəti üçün əlverişli olan yolun kənarındakı yaşıllıq sahəsi dördüncü  zolağa düşdüyündən səkilər sanki ixtisara düşür. Ona görə də AAYDA çıxış yolunu kənar zolaqların enini kiçiltməkdə tapıb. Bu isə piyadaların həyatı üçün ciddi təhlükə yaradır. Sözügedən layihə ilə bağlı şübhə doğuran digər məqam isə maliyyə şəffaflığı ilə bağlıdır.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə  Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb.


Lakin AAYDA-nin aparılan təmir-yenidənqurma işləri ilə bağlı KİV-ə verdiyi açıqlamada, o cümlədən rəsmi saytında yerləşdirlmiş məlumatda layihəyə ayrılan vəsait barədə bir cümlə belə qeyd edilməyib.  Bu isə tikinti-təmir işlərinin icrası ilə bağlı xərclərin şəffaflığını şübhə altına alır. Ən çox korrupsiya hallarının məhz yol inşası və təmiri sahəsində baş verdiyini nəzərə alsaq, ayrılan məbləğin qəpiyinə qədər təyinatı üzrə istifadə olunacağını söyləmək çətindir. Dörd zolaqlı yolun həcminin darlığı və yenə də tıxac mənbəyi olaraq qalması Sabit Orucov, Nizami, Mehdi Mehdizadə, 28 may küçələrində görülən işlərə 11,6 milyon manat xərclənməsi ehtimalını azaldır. Hətta bir ildən sonra həmin yolun asfalt örtüyünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qaşınaraq bir neçə milyon manata yenidən təmirə bağlanmayacağına heç kim zəmanət vermir. 

 

 

 

 

 

 

 


Загрузка...


Oxunub: 54280 dəfə