DİM sədri: Hərarəti olduğu üçün imtahana buraxılmayanlar növbəti imtahanlarda iştirak üçün müraciət edə bilərlər

  • Bölmə: Siyasət  
  • Tarix: 20 iyn 2020 [13:30]

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hərarəti olduğu üçün imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib.

 

Məlumata görə, Məleykə Abbaszadə bildirib ki, əvvəllər də suçiçəyi, qızılca və sarılığı olanlar imtahanlara buraxılmırdı: “Biz çalışacağıq ki, bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayanlar doğrudan da xəstə deyilsə, onun iştirakı ətrafdakılar üçün təhlükə doğurmursa, sonuncu imtahana qədər onları imtahana buraxacağıq. Amma bunun üçün 10 gün əvvəldən bizə müraciət etməlidirlər. Çünki imtahana ən azı 10 gün qalmış iştirak edənlərin tərkibi müəyyən olunur, bilirik ki, kim imtahan verəcək, 1 həftə, 5 gün qalmış kimsə müraciət etsə, imtahana daxil edə bilmərik”.


M. Abbaszadə deyib ki, birinci həftədə buraxılış imtahanında 45 mindən çox, ikinci həftədə 47 min abituriyent iştirak edib: “Hərarəti olmadığı üçün imtahana buraxılmayanların sayı təxminən 30-40 nəfər arası olub. Kim xəstədirsə, şəfa diləyirəm. Bütün məzunlar attestat alacaqlar, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Orada həkimlər var, şagirdlərin klinik vəziyyətinə baxılır, bunun əsasında hər hansı xəstəlik əlaməti olursa, imtahan buraxılmır. Ola bilər hansısa şagird desin ki, isti havada olduğu üçün hərarəti yüksəlib, həmin şagirdə şərait yaradılır ki, əl-üzünü yusun. Onların hərarəti bir neçə dəfə yoxlanılır”.


M. Abbaszadə bildirib ki, IX sinfi bitirənlərin cəmi 19 mini orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün sənəd verib: “Onlar üçün bu imtahan vacibdir, çünki buradakı ballar qəbul imtahanının balı kimi hesablanır. Ancaq X sinfə keçən şagirdlərin hər hansısa problemi varsa, indi qatılmaya bilərlər. Onların X sinifdə təhsili davam edəcək, dərsə başladıqdan sonra payızda onlar üçün buraxılış imtahanı keçiriləcək. Ümumilikdə isə hər dəfə sağalanlar üçün imtahan mümkün olmaz axı, axırıncı imtahana qədər sağalanları imtahana dəvət edəcəyik. Xəstə olanların şansının qarşısını isə DİM yox, xəstəlik alır”.


Загрузка...


Oxunub: 17970 dəfə