Hadruta ilk girən qazi ilə bağlı Prezident və I vitse-prezidentə 60 hərbçidən müraciət

13:31 - 22 Fevral
    1080 oxunma

Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.

Bu barədə Unikal.org-a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov bildirib ki, onun ev dusaqlığına buraxılması üçün məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün zəruri şərtlər var: 
 

"Öncə onu qeyd edim ki, Ziya Kazımovun işi 3 il 6 ay öncə başlanıb, amma sonra istintaq hərəkətləri aparılmayıb. İndi iddia olunur ki, guya hazırda və bundan sonrakı dönəmdə istintaqa maneə yarada bilər. Halbuki belə bir niyyət olsaydı, 3 il 6 ay ərzində maneə yaradılardı. Digər tərəfdən, əgər onun hər hansı bir təqsiri varsa, bu müddət ərzində necə olub ki, hərbi xidmətini davam etdirib, rütbə və vəzifə alıb, təltif olunub? Biz hesab edirik ki, Ziya Kazımovun həbsdə saxlanmasına ehtiyac yoxdur, onsuz da hər hansı təqsiri olmadan bu qədər müddət həbsdə saxlanılır. 

Bundan əlavə, Vətən Müharibəsi dövründə Ziya Kazımov kantuziya alıb və səhhətində ciddi problemlər var. Onun  müalicəyə ehtiyacı olduğundan ev dustaqlığına buraxılması zəruridir. O ev şəraitində müalicə alaraq da istintaq davam etdirilə bilər”. 

Vəkil onu da qeyd edib ki, Z.Kazımovun təqsirsiz olduğu, qanunsuz olaraq həbsdə saxlanılması və ev dustaqlığına buraxılması ilə bağlı 60 zabitin imzasıyla Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edilib: "İnanırıq ki, Ziya Kazımovun əsassız olaraq həbsdə saxlanılmasına son vermək, onun ev dustaqlığına buraxılması üçün lazımi qərar veriləcək. Vətən Müharibəsi iştirakçısı və qazisinə qarşı haqsızlıq edilməsi qəbuledilməzdir”.  

Qeyd edək ki, Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub. 
 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84