“Jurnalistika cinayət deyil” - Dövlət Departamentinin jurnalistlərin həbsinə münasibəti
ABŞ Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırıb.
Bizimesr.az "Turan"a istinadən bildirir ki, Dövlət Departamentinin sözçüsü Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti və müxalif fəalların son həbslərindən dərin narahatlıq hissi keçirdiklərini bildirib.
“Yalnız son iki ayda ondan çox adam saxlanılıb. Prezident Baydenin Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dediyi kimi, “Jurnalistika cinayət deyil, o, azad cəmiyyətin əsasını təşkil edir. Biz Azərbaycan hökumətini hamının insan hüquqlarına və əsas azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırmaqda davam edirik” - Dövlət Departamentinin sözçüsü qeyd edib.
Noyabr ayından bəri ölkədə 10-dan çox jurnalist həbs edilib. Son bir neçə gündə “Abzas Media”nın əməkdaşı Elnarə Qasımova və “JAM NEWS” agentliyinin siyasi şərhçisi Şahin Rzayev son iki gündə bəbs edilib. Bazar ertəsi Xətai Rayon Məhkəməsi Elnarə Qasımova barəsində qaçaqmalçılıq ittihamı ilə 2 ay 17 gün həbs qətimkan tədbiri seçib. Ertəsi gün Cənubi Qafqazı işıqlandıran Şahin Rzayev xuliqanlıq ittihamı ilə 15 sutka həbs edilib. Bir gün sonra Apellyasiya Məhkəməsi onu 50 manat cərimələyərək azadlığa buraxıb.