"Kontakt Home"un mağazasından bahalı mobil telefon oğurlandı
Bakının Xətai rayonunda yerləşən "Kontakt Home" mağazasından bahalı mobil telefon oğurlayan şəxsə hökm oxunub.
1985-ci ildə Yevlax rayonunda anadan olmuş Təralan adlı şəxs "Kontakt Home"a müştəri qismində daxil olub. O, telefon vitrininə yaxınlaşaraq, orada qiyməti 1699,99 manat dəyərində bir ədəd "Motorola Edge 30 Fusion 5G 12/256 GB - Cosmic Grey" modelli mobil telefon aparatını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Bir neçə gün həmin mobil telefon onda qalsa da, sonradan sata bilməyəcəyini və satdığı təqdirdə polis tərəfindən tutulacağını düşündüyü üçün onu sındıraraq hissələrə ayırıb, xatırlamadığı zibillik sahəyə atıb.
Hadisədən bir gün sonra tutularaq barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb. Aparılan araşdırma zamanı onun barəsində başqa bir cinayət işi üzrə Abşeron Rayon Məhkəməsində istintaq aparıldığı da məlum olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və 6 ay müddətinə azadlıqdan məhrum edilib.