Reklam Yeriniz
Reklam Yeriniz

Ağsuda polisin təhqir etdiyi Bakı sakini nazirə müraciət etdi

13:03 - 13 Aprel
    68960 oxunma

 

 

Azərbaycan vətəndaşı artıq hüquqlarının qorunması üçün qanuni yollardan istifadə edir. Əslində bu hüquq müstəvisində atılan müsbət addımların nəticəsidir. 

Bizimesr.az bildirir ki, Bizimxeber.az-ın redaksiyasına əslən Ağsu rayonundan olan, hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan Samir İsmayılzadə adlı vətəndaşın Azərbayсan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanladğı müraciəti daxil olub. 

Vətəndaş Samir İsmayılzadə müraciətində qonaq getdiyi Ağsu rayonunda tanımadığı polis nəfəri tərəfindən heç bir əsas olmadan təhqir və təhdid edildiyini yazır, nazir Vilayət Eyvazovdan ona qarşı səbəbsiz olaraq sərgilənən bu sərt münasibətin araşdırılmasını, polisin qanunla tənbeh olunmasını xahiş edir.

Samir İsmayılzadənin müraciətini olduğu kimi təqdim edirik: 

Azərbayсan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik Vilayət Eyvazov cənablarına

Azərbaycan Respublikasının vətəndaşı, 
Xətai rayon sakini Samir İsmayılzadə tərəfindən 

Müraciət

Çox hörmətli Vilayət Eyvazov! 

Sizə müstəqil Azərbaycan Respublikasının qanunlarına hörmət edən, Azərbaycan polisinin dövlətimizin və vətəndaşlarının keşiyində şərəflə dayanmasına səmimiyyəti ilə inanan azərbaycan vətəndaşı olaraq müraciət edirəm. 

Cənab Nazir!

Mən, Samir İsmayılzadə Ağsu rayonunda doğulmuşam. 10 yaşımda ailəmlə birlikdə Bakıya köçməli olmuşam. Amma doğulub boya-başa çatdığım el-obamı unutmamışam, tez-tez rayondakı qohum əqrəbalarıma baş çəkirəm, el-obamın xeyir-şərində iştirak edirəm.

Amma bu günlərdə 11 aprel 2021-ci ildə doğulduğum, sevə-sevə gedib-gəldiyim Ağsu rayonunda raslaşdığım hadisə mənə çox pis təsir etdi, özümü ölkəmdə aşağılanmış, təhqir edilmiş hesab etdim. 

Vaxtınızı çox almadan qısaca deyim ki, rayonda olarkən, heç bir artıq hərəkət etmədiyim, qanunun tələblərini pozmadığım halda, günün-günortasında rayonun post-patrul xidmətinin polis nəfəri tərəfindən təhqir edildim, aqressiv münasibətlə rastlaşdım, hətta təhdidə məruz qaldım.

Sonradan öyrəndim ki, məni heç bir əsas olmadan təhqir və təhdid edən Anar Həmidov adlı şəxs Agsu rayon Polis Şöbəsinin polis çavuşudur.

Polis nəfəri A.Həmidovun patrul avtomobilindən düşmədən, özünü təqdim etmədən, sadəcə avtomobilin pəncərəsindən mənə qarşı yazmağa belə utandığım ifadələrlə olan davranışının şahidi oldum. A.Həmidovun vətəndaşa və polisə yaraşmayan ifadələrlə olan münasibətinin ardınca əsassız olaraq - “Səni basıb maşına apararam”, “Mən səni bilirəm neynəyərəm” kimi ifadələrlə hədələməyə başladı.

Təbii ki, mən Azərbaycan polisinə və qanunlara hörmət çərçivəsində nə baş verdiyini soruşmağa, vətəndaş olaraq heç bir səhv addım atmadığım üçün hansı səbədən belə davranışla üzləşdiyimi soruşmağa çalışdım. Cavabında isə “Görüşərik”, ”Bu nə suallardır verirsən, sən kimsən?” kimi təhdilərini eşitdim. Mən isə polisə hörmət əlaməti olaraq, qismən susmaqla davranış nümayiş etdirdim. 

Çox hörmətli Nazir!

Baş verən bu hadisə mənə olduqca pis təsir edib. Öz rayonumda, vətənimdə günahsız olduğum halda heç bir səbəb olmadan təhqir, təhdid olunmağım anlaşılan deyil.

Həmçinin polis çavuşu A.Həmidovun dediyi - “Səni biləcəm neyniyəcəm”, “Görüşərik” kimi  təhdidi artıq Ağsu rayonunda özümün və ailə üzvlərimin təhlükəsizliyi sual altında qoyur. 

Sizin uzun illər Azərbaycanda polis sisteminin formalaşmasında yorulmadan gördüyünüz uğurlu fəaliyyət göz önündədir və vətəndaş olaraq, sizin rəhbərliyiniz altında çalışan polislərə güvənirik. 

Bəzən isə A. Həmidov kimi polislərin vətəndaşla etinasız və təhqiredici davranışları Sizə müraciət etmək məcburiyyəti yaradır.

Çox hörmətli General-polkovnik!

Sizdən xahiş edirəm ki, Ağsu rayonunda məni təhqir edən, vətəndaş olaraq mənə göstərdiyi aqressiv münasibətinə, polisə yaraşmayan hərəkətlərinə, ifadələrinə görə A. Həmidovun əməllərinə qanunların imkan verdiyi şəkildə qiymət verilməsinə göstəriş verəsiniz.

Vətəndaş olaraq gecə-gündüz dövlətimizin və millətimizin keşiyində dayanan polisin adına belə hallarla ləkə gətirilməsini istəməzdim. Amma belə polislərə adi davranış qaydalarının öyrədilməsi də vacib məqamlardandır.

Biz demokratik və qanunların var olduğu bir ölkədə yaşayırıq. Hesab edirəm ki, şərəfli Azərbaycan polisi olan yerdə vətəndaşlar incidilə, təhqir edilə, özünü təhlükədə hiss edə bilməz.

Onu da bildirim ki, polis çavuşu A.Həmidov tərəfindən təhqir və aqressiv təzyiqə məruz qaldığım gün (11.04.2021) baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinə elektron ünvanı vasitəsi ilə məlumat vermişəm. Mən, Sizin bu hadisənin qanun çərçivəsində araşdıracağınıza və aidiyyatı üzrə Anar Həmidov barəsində aidiyyatı üzrə tənbeh tədbirlərinin görüləcəyinə inanıram.

Öncədən təşəkkür edirəm. 

Hörmətlə, müstəqil  Azərbaycan Respublikasının vətəndaşı Samir İsmayılzadə.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84